"Azərbaycan və Rusiya ortaq sərhədlərə, dərin tarixi bağlara və qarşılıqlı maraqlara sahib olan ölkələrdir. Belə bir fonda bu cür insidentlərin baş verməsi təəssüf doğurur və insanı düşündürür".
Bunu Hafta.az-a siyasi ekspert Azər Hüseynov deyib.
Ekspert hesab edir ki, bunun arxasında Rusiyada son illər müşahidə olunan, zaman-zaman rəsmi siyasətlə də üst-üstə düşən millətçi meyllərin güclənməsi dayanır. Bəzi hüquq-mühafizə orqanları əməkdaşlarının sərt və qeyri-peşəkar davranışları da bu mənzərəni ağırlaşdırır.
Onun sözlərinə görə, Rusiya Federasiyasında azərbaycanlılara qarşı baş verən bəzi xoşagəlməz hadisələr, xüsusilə də istintaq prosesi zamanı iki azərbaycanlının qətlə yetirilməsi və müxtəlif şəhərlərdə həmyerlilərimizin hüquqi problemlərlə üzləşməsi Azərbaycan cəmiyyətində haqlı narahatlıq doğurur. Bu, iki ölkə arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrin ruhuna ziddir.
"Unutmayaq ki, Azərbaycan Cənubi Qafqazda əsas regional aktorlardan biridir və həm iqtisadi, həm də geosiyasi baxımdan ciddi təsir imkanlarına malikdir. Ona görə də azərbaycanlı vətəndaşlara qarşı yönəlmiş ədalətsiz davranışlar, əslində Rusiyanın özünün də xarici siyasətinə və regional nüfuzuna mənfi təsir edə bilər. Bu kontekstdə xüsusilə vurğulanmalıdır ki, Rusiya tərəfi hüquqi məsuliyyət daşıyan şəxslərin konkret davranışlarını araşdırmalı və qanun qarşısında cavab vermələrini təmin etməlidir. Problemlərin üzərinə getmək, onları inkar etməkdən daha sağlam və uzunmüddətli münasibətlər üçün zəruridir.
Azərbaycan isə öz vətəndaşlarını qorumaq üçün hüquqi və siyasi müstəvidə atdığı addımlarla haqlı və məntiqli davranır. Bu, beynəlxalq hüququn və dövlət məsuliyyətinin bir tələbidir"- ekspert deyib.